Abde Ezzalzuli “Betis”ə keçdi, “Barselona” bu qədər qazandı

İspaniya çempionu “Barselona”nın və Mərakeş yığmasının gənc sol cinah vingeri Abde Ezzalzuli daimi əsasda “Betis”ə keçib.

Arena.az bu barədə “Betis”in mətbuat xidmətinə istinadən məlumat verir.

“Betis” Ezzalzulinin transferi müqabilində 7,5 milyon avro məbləğində xərc çəkib, bu isə futbolçunun təxmin edilən bazar dəyərindən ucuzdur.

Jurnalist Fabrisio Romanonun məlumatına görə, Kataloniya klubu müqaviləyə uyğun olaraq futbolçunu geri almaq səlahiyyətinə malikdir. Bu maddə təsdiqləndiyi andan yalnız 2 il müddətində – 2025-ci il avqust ayının sonuna qədər etibarlı olacaq. Futbolçunun geri satınalınmasının xərci 20 milyon avro təşkil edir. “Barselona” futbolçunun sonrakı satışından təxminən 50% gəlir götürmək şərtini də özündə saxlayıb.

Ezzalzuli “Betis”lə 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Geridə qalmış 2022/2023 mövsümünü Ezzalzuli “Osasuna”da icarə əsasında çıxış edib. O, “qırmızılar”ın heyətində 34 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Cari mövsümdə isə gənc futbolçu “Barselona”nın heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 2 oyunda meydana çıxıb.

Ümumiyyətlə Abde Ezzalzuli 2021-2023-cü illərdə çıxış etdiyi “Barselona”nın heyətində 14 oyun keçirib, 1 qol vurub.

Ezzalzuli 2022-ci ilin sentyabrında debüt etdiyi Mərakeş yığmasının heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ezzalzuli 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da iştirak edib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Ezzalzulini 15 milyon avro məbləğində qiymətləndirir.

“Betis”də iki ayrılıq

“Betis” iki futbolçusu ilə də yollarını ayırıb. Xuanmi “Əl-Riyad”a icarəyə verilib. 30 yaşlı sol cinah vingeri 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. İspaniya klubu bir illik icarəyə görə 1 milyon avro qazanacaq. Futbolçunun La Liqa təmsilçisi ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. O, bu komandada 101 oyuna 29 qol vurub, 7 assistlə yadda qalıb. O, “Real Sosyedad”, “Malaqa”, “Rasinq”, “Sauthempton” klublarının da formasını geyinib. Xuanmi İspaniya yığmasında da 1 oyun keçirib.

“Betis” yarımmüdafiəçisi Pol Akuokunu da Lion “Olimpik”inə satıb. Fransa klubu 25 yaşlı futbolçunu 3 milyon avro qarşılığında heyətinə qatıb. Onunla 4 illik müqavilə imzalanıb. Fil Dişi Sahili yığmasının üzvü “Betis”də 44 oyuna cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkəsinin yığmasında da 4 matça çıxıb.