Abdulla Rzayev “Zirə” yolunda – “Kəpəz” də saxlamaq istəyir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Abdulla Rzayev bu yay doğma klubuna qayıtmaya bilər. Arena.az-ın əldə etdiyi məlumata görə, hazırda “Kəpəz”də icarədə olan futbolçunun Gəncə təmsilçisində qalmaq ehtimalı var.

Belə ki, əyalət təmsilçisinin rəhbərliyi sağ cinah müdafiəçisini heyətində saxlamaq istəyir. Onlar sadəcə, icarə müddətinin artırılmasına çalışırlar.

Amma Rzayevin xidmətində başqa klublardan da maraqlı olanlar var. Xüsusilə də “Zirə” gənc futbolçu ilə yaxından maraqlanır. “Kəpəz”dən fərqli olaraq, paytaxt təmsilçisi Abdullanı birdəfəlik transfer etməkdə maraqlıdır. Ən pis halda isə futbolçunun icarə əsasında bu komandaya keçməsi mümkündür.

Rzayev növbəti mövsümdə avrokuboklarda iştirak edəcək “Sabah”ın planlarına daxil deyil. Bu üzdən də o, hazırda digər klublardan aldığı təklifləri dəyərləndirməklə məşğuldur.

Xatırladaq ki, Abdulla Rzayev “Kəpəz”ə bu ilin yanvar ayında icarə əsasında keçib. O, Gəncə təmsilçisində 17 oyun keçirib. 21 yaşlı futbolçu daha öncə “Şamaxı”da da icarədə olub və 4 oyuna çıxıb.