Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Abdullah Avcı istefaya göndərilib, onu bu postda Şenol Günəş əvəz edib.
Arena.az bu barədə Trabzon klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Abdullah Avcının istefasına komandanın həm Super Liqada 2024/2025 mövsümünə uğursuz start, həm də Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. 61 yaşlı mütəxəssis 2023-cü ilin oktyabrında ikinci dəfə “Trabzonspor”un baş məşqçisi təyin edilmişdi. Bu müddətdə o, komandanı 44 oyuna (25 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət) çıxarıb.
Türkiyəli mütəxəssis 2020-ci ilin noyabrından 2023-cü ilin martına qədər də “Trabzonspor”da baş məşqçi olub. Avcı həmin dövrdə daha uğurlu nəticələrlə yadda qalıb – 117 oyuna 65 qələbə, 30 heç-heçə, 22 məğlubiyyət.
Şenol Günəş də “Trabzonspor” üçün kifayət qədər tanış mütəxəssisdir. 72 yaşlı mütəxəssis daha öncə dörd dəfə bu komandanın sükanı arxasına gətirilib. O, məşqçiliyə 1988-ci ildə “Trabzonspor”da köməkçi kimi başlayıb. Elə həmin il o, komandanın baş məşqçisi təyin edilib. İlk dönəmində komandanı 36 oyuna çıxarmış Günəş, bir il sonra postundan ayrılıb. 1993-cü ildə yenidən Trabzona köməkçi məşqçi kimi qayıdan Şenol, elə həmin il baş məşqçi də təyin olunub, 1997-ci ilə qədər komandanı 150 oyuna çıxarıb. Üçüncü dönəm 2005-ci ilə təsadüf edib və 29 matçla yekunlaşıb. Sonuncu dəfə Günəş 2009-2013-cü illər aralığında trabzonluların uğurları üçün çalışıb – 145 oyun.
Şenol Günəşin sonuncu iş yeri ötən il ayrıldığı “Beşiktaş” olub. Yeri gəlmişkən, o, köhnə-yeni komandası ilə ilk rəsmi matçını Super Liqanın 5-ci turu çərçivəsində məhz “qara qartallar”a qarşı keçirəcək. Təcrübəli məşqçi Türkiyə millisinə, “Boluspor”, “İstanbulspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Seul”, “Bursaspor” kimi komandalara da rəhbərlik edib.
“Trabzonspor”da üç ayrılıq
Yeri gəlmişkən, “Trabzonspor” üç futbolçusu ilə də yollarını ayırıb. Hücumçu Taksarxis Funtas azad agent kimi komandanı tərk edib və Yunanıstanın “OFİ Krete” klubuna keçib. 28 yaşlı yunan forvard yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2023-cü ilin avqustundan formasını geyindiyi “Trabzonspor”da 35 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Həm Türkiyə, həm də İtaliya vətəndaşlığı olan mərkəz müdafiəçisi Rayyan Baniya isə “Palermo”ya keçib. İtaliya klubu 25 yaşlı oyunçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. 2023-cü ilin avqust ayından “Trabzonspor”da çıxış edən müdafiəçi bu komandanın heyətində cəmi 25 oyuna çıxıb.
“Trabzonspor”un misirli sol vingeri Mahmud Trezeqe də Qətərin “Əl-Rayyan” klubuna keçib. Qətər klubu onu bu mövsümün sonunadək icarəyə götürüb.
Misirin “Əl-Əhli” klubunun yetirməsi olan Mahmud, karyerası ərzində “Anderlext”, “Muskron”, “Kasımpaşa”, “Aston Villa”, “Başakşəhər” kimi klublarda da çıxış edib. O, 2022-ci ildən formasını geyindiyi “Trabzonspor”da 76 oyuna 25 qol vurub, 16 məhsuldar ötürmə verib. Trezeqe Misir yığmasında da 74 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə müəllifi olub.