Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” komandasının baş məşqçisi Abdullah Avcı istefa verib. Arena.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
59 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilir. Üstəlik, bir neçə gün öncə Trabzon klubunun prezidenti Ahmet Ağaoğlu da istefa vermişdi. Bu üzdən də o, qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə postundan ayrılmağa qərar verib.
Avcı açıqlamasında klubdan heç bir təzminat tələb etmədən ayrıldığını vurğulayıb: “Bəzən dayanmalısan. Dərindən nəfəs almaq, çox düşünməmək və olacaqlara inanmaq lazımdır. Çox sevdiyim “Trabzonspor”la və bu gözəl şəhərin gözəl insanları ilə vidalaşmağın vaxtı gəldi. Hər hansı maliyyə tələbləri, hansısa gözlənti olmadan, qeyd-şərtsiz…
Coşğulu “Trabzonspor” tərəfdarlarına uzun müddətdir arzuladıqları çempionluğu bəxş etdiyim üçün fəxr edirəm. Azarkeşlərə, şəhərin gözəl insanlarına, rəsmilərə, oyunçularıma və idarə heyətində olan bütün fədakar insanlara sonsuz təşəkkürümü bildirirəm. Bura gəlməyimdə, burada qalmağımda və həyatımın ən gözəl xatirələrini yaşatmaqda mənə kömək edən cənab Ərtoğrul Doğana xüsusi bir təşəkkür borcum var. Mən onu unutmayacağam. Heç kim unutmasın.
Çempion “Trabzonspor” geriyə yox, irəli getməlidir. Bölünməməlidir, birləşməlidir. Qazandıqlarını itirməməli və çox güclü bir idarə ilə daha parlaq günlər görməlidirlər. Trabzonu və “Trabzonspor”u sevirəm. Haqqınızı halal edin”.
Xatırladaq ki, Abdullah Avcı 2020-ci ilin noyabr ayından Qara Dəniz təmsilçisinə rəhbərlik edirdi. O, ötən mövsüm “Trabzonspor”u Türkiyə çempionu etmişdi. Trabzon təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 117 oyundan 64 qələbə, 32 heç-heçə və 21 məğlubiyyətlə ayrılıb. Avcı daha öncə “Beşiktaş”, “Başakşəhər” klublarına və Türkiyə milli komandasına da rəhbərlik edib.
“Trabzonspor” bu mövsüm Super Liqada keçirdiyi 23 oyunda 38 xal toplayıb. Komanda 19 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Son Türkiyə çempionu bir müddət öncə “Bazel”ə uduzaraq Avropa Konfrans Liqasında da mübarizəni dayandırıb.
Gənc hücumçu icarəyə göndərildi
Yeri gəlmişkən, “Trabzonspor” gənc hücumçusu Batuhan Körü “1461 Trabzon” klubuna icarəyə verib. 21 yaşlı forvard bu mövsümün sonuna kimi aşağı liqa təmsilçisində forma geyinəcək.
“Bursaspor”un yetirməsi olan Batuhan Kör 2022-ci ildən “Trabzonspor”a keçib. O, bu mövsümün ilk dövrəsini də “Manisa”da icarədə keçirmişdi. Gənc hücumçu Türkiyənin U-21 yığmasına da dəvət olunur.


