Abdullah Avcı yenidən “Trabzonspor”a qayıtdı – Rəsmi

Bu gün Nenad Belitsanı istefaya göndərən Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi sabiq çalışdırıcısı Abdullah Avcı olub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

60 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Trabzon təmsilçisi köhnə-yeni baş məşqçisinin klub qarşısında heç bir tələb qoymadığını, sadəcə, boş müqaviləyə imza atdığını bəyan edib.

Xatırladaq ki, “Trabzonspor”u bu ilin aprel ayından xorvat baş məşqçi Nenad Belitsa çalışdırırdı. Komanda onun rəhbərliyi altında cəmi 16 matça çıxıb və 8 qələbə qazanıb. Qalan 8 qarşılaşma isə məğlubiyyətlə bitib. Qeyri-sabit çıxışa görə bu gün 52 yaşlı mütəxəssislə müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulmuş müqaviləyə xitam verilib. Belitsaya təzminat olaraq bu mövsümün sonuna qədər almalı olduğu məvacibin – 1,6 milyon avro ödəniləcəyi diqqətə çatdırılıb.

Bu mövsüm Türkiyə Super Liqasında 8 oyun keçirmiş “Trabzonspor” bu oyunlarda 4 qələbə qazanıb və 4 məğlubiyyətə üzülüb. Komanda hazırda 12 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Abdullah Avcı 2020-ci ilin noyabr ayından rəhbərlik etdiyi Qara Dəniz təmsilçisindən bu ilin mart ayında öz istəyi ilə ayrılmışdı. O, bu müddətdə “Trabzonspor”u həm Türkiyə çempionu etmiş, həm də 2 dəfə Türkiyə Super Kubokunu qazandırmışdı. Trabzon təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 117 oyundan 64 qələbə, 32 heç-heçə və 21 məğlubiyyətlə ayrılıb. Avcı daha öncə “Beşiktaş”, “Başakşəhər” klublarına və Türkiyə milli komandasına da rəhbərlik edib.