Abdullah Zubir: “Azərbaycanda çox adam məni tanıyır”

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqasında Lion “Olimpik”inə qarşı keçirəcəkləri matçla bağlı Fransa mətbuatına danışıb.

Arena.az xəbər verir ki, Ağdam klubu Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Olimpik”lə üz-üzə gələcək.

Fransa mətbuatı bu oyundan öncə Zubirdən də müsahibə alıb. Fransalı futbolçu ölkəsinin “Ekip” nəşrinə müsahibəsində maraqlı fikirlər səsləndirib.

Ağdam klubunda 7-ci mövsümünü keçirən fransalı yarımmüdafiəçi Bakıda hər şeyin onun üçün ideal olduğunu bildirib:

“Azərbaycanda futbolu sevirlər. Burada çox adam məni tanıyır və bu səbəbdən də küçədə gedərkən saxlayırlar da. Heç bir gərginlik hiss etmirəm. Yersiz şərh də eşitməmişəm. Sahildə yaşayıram, restoranlar hamısı Fransadakı kimidir. Burda həyat gözəldir. Hər şey sakitdir və təhlükəsizlik baxımından çox yaxşıdır”.

32 yaşlı futbolçu “Qarabağ”ın tarixi və hədəflərindən də danışıb: “Klub ambisiyalıdır, 11-ci dəfə ardıcıl avrokubokda çıxış edir və bu, məni çox həyəcanlandırır. “Arsenal”, “Bayer”, “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt UEFA Çempionlar Liqasında iştirak etməmişəm. Bunu “Qarabağ”la yaşamağı çox istəyərəm”.

Qeyd edək ki, “Qarabağ” – “Olimpik” matçı bu gün saat 21:45-də start götürəcək.

Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da forma geyinir. O, Ağdam klubu ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 168 oyunda 45 qol vurub.

Zubirin “Qarabağ” karyerası bütövlükdə 283 oyun, 64 qol və 78 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi klubların da formasını geyinib.