Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə, B qrupunun matçında “Sumqayıt” doğma meydanda “Sərhədçi” ilə qarşılaşıb. Oyun qonaqların 98:94 hesablı qələbəsi ilə bitib.
Daha sonra Bakı İdman Sarayında “Sabah” “Abşeron Lions” ilə üz-üzə gəlib. A qrupunun oyunu “bayquşlar”ın 117:96 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Lənkəran” “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.
15-ci tura fevralın 1-də yekun vurulacaq.
A qrupu: Sabah – 29. Abşeron Lions – 28. Neftçi – 20. Gəncə – 20. NTD – 17. Şəki – 16.
B qrupu: Ordu – 29. Naxçıvan – 27. Sumqayıt – 20. Quba – 20. Sərhədçi – 20. Lənkəran – 19.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


