Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
“Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” “Quba” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib. Bakı İdman Sarayında isə “Şəki”ni qəbul edən “Abşeron Lions” rəqibini 107:82 hesabı ilə üstələyib.
Bu gün həm də 9-cu turdan təxirə salınmış bir oyun keçirilib. Bakı İdman Sarayında baş tutmuş qarşılaşmada son çempion “Sabah” “Gəncə” ilə qarşılaşıb. Görüş Bakı kollektivinin 88:82 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, 11-ci turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında “Ordu” “Naxçıvan”ı (86:64), “Sumqayıt” “Lənkəran”ı (99:95) məğlub etmişdi.
A qrupu: Abşeron Lions – 21. Sabah – 19. Gəncə – 15. Neftçi – 14. Şəki – 13. NTD – 11.
B qrupu: Ordu – 22. Naxçıvan – 19. Sərhədçi – 15. Quba – 15. Lənkəran – 14. Sumqayıt – 14.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


