AÇ-2020 öncəsi milliyə yeni futbolçu dəvət olundu

Futbol üzrə İngiltərə milli komandasının AÇ-2020 üçün yekun heyətinə yeni futbolçu cəlb olunub.

Arena.az xəbər verir ki, “Brayton”un müdafiəçisi Ben Uayt milliyə çağırılıb.

Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu bir neçə gün öncə yoxlama oyununda zədələnən Trent Aleksander-Arnoldun əvəzində milliyə dəvət alıb.

AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.