AÇ-2024: Əsas mərhələ yekunlaşdı, Xorvatiya istəyinə çatdı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində sonuncu – 10-cu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha üç qrup (B, D və İ qrupları) üzrə 7 qarşılaşma baş tutub.

B qrupunda Cəbəllüttariq Niderlandla ev oyununda darmadağına üzülüb. Yunanıstanla Fransa yığması arasındakı məhsuldar qarşılaşma isə bərabərliklə yekunlaşıb.

D qrupunda Uels – Türkiyə oyunu da heç-heçə bitib. Xorvatiya yığması isə Ermənistanla ev oyunundan qalib ayrılmaqla qrup ikincisi kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

İ qrupunda isə Andorra İsraillə, Kosovo Belarusla, Rumıniya da İsveçrə ilə münasibətlərinə aydınlıq gətirib. Rumınlar evdə, Belarusla İsrail isə səfərdə qələbə sevinci yaşayıblar.

Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, Serbiya, İtaliya, Sloveniya və Çexiya yığmaları da gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Bununla da Avropa çempionatının seçmə mərhələsində qruplar üzrə yekunlaşıb. Seçmə mərhələyə tam olaraq 2024-cü ilin mart ayında baş tutacaq pley-off oyunları ilə yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 10-cu tur
21 noyabr

B qrupu

Cəbəllüttariq – Niderland 0:6
Qollar: Stenqs, 10; 50; 62. Viffer, 23. Koopmeyners, 38. Qakpo, 81.

Yunanıstan – Fransa 2:2
Qollar: Bakasetas, 56. İoannidis, 61 – Muani, 42. Fofana, 74.

Xal: Fransa – 22. Niderland – 18. Yunanıstan – 13. İrlandiya – 6. Cəbəllüttariq – 0.

D qrupu

Uels – Türkiyə 1:1
Qollar: N.Uilyams, 7 – Y.Yazıçı, 70-pen.

Xorvatiya – Ermənistan 1:0
Qollar: Budimir, 43.

Xal: Türkiyə – 17. Xorvatiya – 16. Uels – 12. Ermənistan – 8. Latviya – 3.

İ qrupu

Andorra – İsrail 0:2
Qollar: Çervos, 29-öz qapısına. Kinda, 81.

Kosovo – Belarus 0:1
Qol: Antilevski, 43.

Rumıniya – İsveçrə 1:0
Qol: Alibek, 50.

Xal: Rumıniya – 22. İsveçrə – 17. İsrail – 15. Belarus – 12. Kosovo – 11. Andorra – 2.