AÇ-2024: Azərbaycan – Avstriya matçında yunan hakimlər

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Avstriya matçının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan hakimləri təyin edib.

Matçın baş hakimi Aristotelis Diamantopulos olacaq. Ona yan xətt hakimləri Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, Aristotelis Diamantopulos 2019-cu ildən əsas hakim kimi beynəlxalq təyinat alır. 40 yaşlı ədalət təmsilçisi ilk dəfə böyüklərdən ibarət komandalar arasında təsnifat görüşündə baş hakim olacaq. Diamantopulos daha əvvəl aşağı yaş qruplarından ibarət yığmaların matçında bu funksiyanı yerinə yetirib. O, heç vaxt Azərbaycan komandalarının oyunlarına təyinat almayıb.

Diamantopulos cari mövsümdə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Larne” (Şimali İrlandiya) – HJK (Finlandiya) matçında söz sahibi olub. Yunan referi Avropa Konfrans Liqasında isə “Lütsern” (İsveçrə) – “Hibernian” (Şotlandiya) qarşılaşmasını idarə edib. FIFA referisi Yunanıstan Super Liqasında isə 4 oyunda ədaləti qoruyub.

Xatırladaq ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya matçına saat 20:00-da start veriləcək.