AÇ-2024: Belçika və İsveçlə oyunların stadionları bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində daha iki oyununun stadionu və başlama vaxtı məlum olub.

Arena.az xəbər verir ki, yığmamızın noyabrın 16-da İsveç və 19-da Belçika milli komandasına qarşı keçirəcəyi oyunların stadionları və başlama vaxtları müəyyənləşib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, İsveçlə oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Belçika yığması ilə qarşılaşma isə “King Baudouin Stadium”da baş tutacaq. Hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı F qrupunda Avstriya, Belçika, İsveç, Estoniya var. Yığmamız 3 oyuna cəmi 1 xalla sonuncu – 5-cidir. Estoniya da 1 xal toplamasına baxmayaraq, 4-cü sırada qərarlaşıb. Lider Avstriyanın 10, Belçikanın 7, İsveçin 3 xalı var.

Canni De Byazinin çalışdırdığı komandamız AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində indiyə qədər keçirdiyi oyunlarda Avstriyaya 1:4, İsveçə 0:5 hesablarıyla uduzub, Estoniya ilə Bakıda heç-heçəyə razılaşıb – 1:1.