AÇ-2024: Fransa yığması penaltilərlə yarımfinalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/4 final mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, mərhələnin ikinci oyunu Portuqaliya və Fransa yığmaları arasında baş tutub.

Hamburq şəhərində keçirilən bu görüşə Bakı vaxtı ilə saat 23:00-da start verilib. İngiltərədən olan Maykl Oliverin idarə etdiyi görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Fransa yığması yarımfinalda oynamaq hüququ qazanıb.

Xatırladaq ki, daha öncə İspaniya millisi bu Avropa çempionatına ev sahibliyi edən Almaniya yığmasına 2:1 hesabıyla qalib gələrək ilk yarımfinalçı olmuşdu. Yarımfinalda İspaniya yığması məhz Fransa millisi ilə qarşılaşacaq.

Bu mərhələnin İngiltərə – İsveçrə və Niderland – Türkiyə oyunları sabah keçiriləcək.

AÇ-2024
1/4 final
5 iyul

Portuqaliya – Fransa 0:0 (penaltilər 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq. “Volksparkstadion”.