Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2024) final mərhələsinin son üç iştirakçısının adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, pley-offun finalında Gürcüstan – Yunanıstan, Ukrayna – İslandiya və Polşa – Uels oyunları baş tutub.
Pley-offun ilk final görüşündə Gürcüstan yığması doğma meydanda Yunanıstanla qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltillər seriyasında isə daha dəqiq olan Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Gürcülər Avropa çempionatının F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparacaqlar.
Günün digər oyunlarında Ukrayna və İslandiya yığmaları qarşılaşıblar. Bu oyunda hesabı islandlar açsa da, yekunda 2:1 hesablı əzmkar qələbəyə sevinən Ukrayna millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Ukraynalılar E qrupunda Belçika, Rumıniya və Slovakiya ilə üz-üzə gələcəklər.
Son oyunda isə Polşa və Uels milliləri üz-üzə gəliblər. Bu oyunun da əsas və əlavə vaxtı qolsuz bitib. Penaltilər seriyasında daha dəqiq olan polşalılar qitə birinciliyində iştirak hüququ qazanıblar. Bu komanda Avropa çempionatının D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.
Xatırladaq ki, Avropa çempionatının final mərhələsi bu il 14 iyun – 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq.
AÇ-2024
Pley-offun final görüşləri
26 mart
Gürcüstan – Yunanıstan – 0:0 (penaltilər 4:2)
Ukrayna – İslandiya – 2:1
Qollar: Siqankov, 54. Mudrik, 84 – Qudmundsson, 30.
Polşa – Uels – 0:0 (penaltilər 5:4)