AÇ-2024: Həndbol yığmamız ağır məğlubiyyətlə başladı

Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində mübarizəyə başlayıb.

Arena.az xəbər verir ki, milli komandamız ilkin təsnifat mərhələsindəki birinci matçını səfərdə keçirib.

Belə ki, komandamız Skopyedə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib. Azərbaycan həndbolçuları bu oyunda böyük hesabla məğlub olublar – 17:40.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti oyununu oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya yığmasına qarşı keçirəcək.

Həndbol millimizin qrupdakı digər rəqibi Litva kollektividir. Bu komanda ilə ilk oyun gələn ilin fevral ayının 28-də Bakıda baş tutacaq.

Yeri gəlmişkən, bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası da Kosovonun paytaxtı Priştinada Beynəlxalq Həndbol Federasiyasının Avropa zonası üzrə keçirdiyi “IHF Trophy” turnirində biabırçı məğlubiyyətlə üzləşib. Komandamız yerli Kosovoya 8:49 hesabı ilə uduzub.

15 oktyabra qədər davam edəcək bu yarışda Kosovo və Azərbaycandan başqa, Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Böyük Britaniya və Gürcüstan yarışır. Azərbaycan Kosovo və Bolqarıstanla bərabər A qrupunda yarışır.