AÇ-2024: İngiltərə millisi penaltilərlə yarımfinalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/4 final mərhələsinin son oyunları keçirilir.

Arena.az xəbər verir ki, mərhələnin üçüncü oyunu İngiltərə və İsveçrə yığmaları arasında baş tutub.

Bu Avropa çempionatının əsas favoritlərindən olan İngiltərə yığması bu oyunda sürprizə imkan verməməyə çalışıb. Düsseldorf şəhərində təşkil olunmuş görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənib.

Qarşılaşmada hesabı İsveçrə yığması açıb. Amma ingilislər qısa müddət sonra cavab qolunu vurmağı bacarıblar. Bu üzdən əsas vaxt bərabərliklə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İngiltərə yığması yarımfinala yüksəlib.

Günün digər oyunu Niderland və Türkiyə yığmaları arasında baş tutacaq. Berlin şəhərində keçiriləcək bu görüşə saat 23:00-da start veriləcək. Qardaş ölkə Türkiyənin milli komandası bu oyunda növbəti zəfərinə imza atmağa çalışacaq.

Xatırladaq ki, daha öncə İspaniya və Fransa yığmaları yarımfinala vəsiqəni təmin ediblər. Yarımfinalda bu iki komanda bir-biri ilə üz-üzə gələcək. İngiltərə yığmasının rəqibi isə bu gün keçiriləcək son oyunda müəyyənləşəcək.

AÇ-2024
1/4 final
6 iyul

İngiltərə – İsveçrə 1:1 (penaltilər 5:3)
Qollar: Bukayo Saka, 80 – Bril Embolo, 75.
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf. “Merkur Spiel-Arena”.