AÇ-2024: İtaliya millisi və Kalafyoridən antirekord

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İspaniya yığması ilə oyun (0:1) İtaliya millisi üçün xoşagəlməz antirekordla tarixə düşüb.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda “skuadra adzurra” rəqib qapısına cəmi 4 zərbə endirib ki, bu da İtaliya yığmasının Avropa çempionatlarının final mərhələlərində antirekordu olaraq əlamətdardır.

Oyun boyu İspaniya yığmasının üstünlüyü və diqtəsi ilə keçmiş qarşılaşmada yeganə qolu 55-ci dəqiqədə “Bolonya”nın mərkəz müdafiəçisi Rikkardo Kalafyori öz qapısından keçirib.

Yeri gəlmişkən, elə Rikkardo Kalafyori də İtaliya millisinin tarixinə antirekordla düşüb. Müdafiəçi Avropa çempionatlarında İtaliyanın ilk avtoqolunun müəllifi olub.

2 turdan sonra İspaniya yığması “B” qrupuna başçılıq edir. İtaliya millisi isə 3 xalla 2-ci pillədə qərarlaşıb. Albaniya və Xorvatiya yığmaları isə hər biri 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.

Sonuncu, 3-cü turda İtaliya yığmasını Xorvatiya millisi ilə ciddi sınaq gözləyir.