AÇ-2024: Luis de la Fuente “ölüm qrupu”nu qiymətləndirdi

İspaniya yığmasını baş məşqçisi Luis de la Fuente Avropa çempionatında (AÇ-2024) yer aldıqları qrupun tərkibi barədə danışıb.

Arena.az xatırladır ki, İspaniya yığması “B” qrupunda Xorvatiya, İtaliya və Albaniya yığmaları ilə mübarizə aparacaq.

“Biz artıq Millətlər Liqasında İtaliya və Xorvatiya yığmaları ilə qarşılaşmışıq. Bunlar çox güclü komandalardır. Bunu başa düşmək üçün sadəcə onların nailiyyətlərinə, tarixinə və ya oyunçularına baxmaq gərəkdir.

Amma Albaniyanı da unutmaq olmaz. Albaniyanın çox yaxşı oyunçuları var, bu komanda son vaxtlar xeyli inkişaf edib. 19 yaşadək və gənclərdən ibarət komandalardan albanları tanıyıram. Onlarla həmişə çətin oyunlar keçirmişik”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.