AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç matçını isveçrəli qadın hakim – Ester Staubli idarə edəcək.
Arena.az xəbər verir ki, UEFA Bakıda reallaşacaq bu görüşü İsveçrədən olan hakimlərə həvalə edib.
Onun köməkçiləri Yonas Erni və Süzanna Kyunq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukaş Fandrix VAR, Layonel Çudi isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.
Maraqlıdır ki, Ester Staubli ilk dəfə kişilərdən ibarət əsas yığmaların matçında ədaləti qoruyacaq. 44 yaşlı referi 2006-cı ildən FIFA dərəcəsi alsa da, onun ilk beynəlxalq təyinatı 2008-ci ildə gerçəkləşib.
Təcrübəli hakim 2016-cı ildə Rio-de-Janeyro, 2021-ci ildə Tokio Yay Olimpiya Oyunlarında, 2013, 2017 və 2022-ci illərdə Avropa çempionatında, 2015, 2019 və 2023-cü illərdə isə dünya çempionatlarında iş başında olub.
Staubli daha əvvəl yalnız bir dəfə – 17 yaşadək oğlanlardan ibarət yığmaların görüşünü idarə edib. İsveçrəli hakim 2017-ci ildə Hindistanda təşkil olunan dünya çempionatında Yaponiya – Yeni Kaledoniya (1:1) qarşılaşmasında ədaləti qoruyub.
Xatırladaq ki, Azərbaycan – İsveç oyunu noyabrın 16-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 21:00-da start veriləcək.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsinin F qrupunda yer alan Azərbaycan millisi 6 oyuna topladığı 4 xalla 4-cü pillədə qərarlaşıb. İsveç yığması isə 7 xalla 3-cüdür. Bu qrupda Belçika (17 xal), Avstriya (16 xal) və Estoniya (1 xal) da var.