2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 8-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup (B, F və J qrupları) üzrə 7 qarşılaşma baş tutub.
F qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Avstriya yığması ilə üz-üzə gəlib və minimal hesabla uduzub. Nəticədə Avstriya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib. Qrupun digər matçında lider Belçika İsveçi qəbul edib. Amma bu oyun Brüsseldə iki nəfərin qətlə yetirilməsi ilə əlaqədar yarıda qalıb.
B qrupunda Yunanıstan əsas rəqiblərindən olan Niderlandla münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyundan qələbə ilə ayrılıblar. Xalsız olan Cəbəllüttariq isə İrlandiya ilə görüşdə ilkə imza atmağa çalışsa da, yenə istəyinə çata bilməyib.
J qrupunda isə Bosniya və Herseqovina – Portuqaliya, İslandiya – Lixtenşteyn və Lüksemburq – Slovakiya görüşləri baş tutub. İslandiya evdə, Portuqaliya ilə Slovakiya isə səfərdə qələbəyə sevinib.
Xatırladaq ki, bu günə qədər Portuqaliya, Fransa, Belçika, İspaniya, Şotlandiya və Türkiyə yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 8-ci tur
16 oktyabr
B qrupu
Yunanıstan – Niderland 0:1
Qol: Van Deyk, 90+3-pen.
Cəbəllüttariq – İrlandiya 0:4
Qollar: Ferquson, 8. Conston, 28. Doherti, 60. Robinson, 80.
Xal: Fransa – 18. Niderland – 12. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.
F qrupu
Azərbaycan – Avstriya 0:1
Qol: Zabitser, 48-pen.
Belçika – İsveç matçı yarıda qalıb
Xal: Belçika – 16. Avstriya – 16. İsveç – 6. Azərbaycan – 4. Estoniya – 1.
J qrupu
Bosniya və Herseqovina – Portuqaliya 0:5
Qollar: K.Ronaldo, 5; 20. B.Fernandes, 25. Kanselo, 32. J.Feliks, 41.
İslandiya – Lixtenşteyn 4:0
Qol: Siqurdsson, 22-pen. Finnboqason, 44.
Lüksemburq – Slovakiya 0:1
Qol: Duris, 77.
Xal: Portuqaliya – 24. Slovakiya – 16. Lükemburq – 11. İslandiya – 10. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.