AÇ-2024: Pley-off mərhələsinin püşkü atıldı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına (AÇ-2024) vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, A, B və C Yolunda üz-üzə gələcək komandalar bəlli olub.

A Yolunda Polşa – Estoniya və Uels – Finlandiya oyunları keçiriləcək. B yolunda İsrail yığması İslandiya ilə, Bosniya və Herseqovina millisi isə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. C Yolunda da Gürcüstan – Lüksemburq və Yunanıstan – Qazaxıstan görüşləri baş tutacaq.

Xatırladaq ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Finalda qalib gələcək kollektivlər isə növbəti Avropa çempionatında iştirak hüququ əldə edəcəklər.

Avropa çempionatının seçmə mərhələsinə tam olaraq 2024-cü ilin mart ayında baş tutacaq pley-off oyunları ilə yekun vurulacaq. Seçmə tsiklin əsas – qrup mərhələsində bu 20 komanda AÇ-yə vəsiqəni təmin edib. Həmin komandaların siyahısını təqdim edirik:

Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, Serbiya, İtaliya, Sloveniya, Çexiya, Xorvatiya.

Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Növbəti Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-nə qədər keçiriləcək. AÇ-2024-ün oyunları turnirin təşkilatçısı Almaniyanın 10 şəhəri – paytaxt Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen və Ştutqart qəbul edəcək.

A Yolu
Polşa – Estoniya
Uels – Finlandiya

B yolu
İsrail – İslandiya
Bosniya və Herseqovina – Ukrayna

C Yolu
Gürcüstan – Lüksemburq
Yunanıstan – Qazaxıstan