Futbol üzrə Rumıniya və Belçika yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
9-cu oyun gününün sonuncu matçında Rumıniya və Belçika yığmaları üz-üzə gəliblər. Köln şəhərində keçirilən matçda belçikalılar sevinən tərəf olublar. 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. Matçda yekun nəticəni Kevin de Bröyne müəyyənləşdirib.
Bu qrupun ötən gün baş tutan ilk oyununda Ukrayna millisi Slovakiya yığmasını 2:1 hesabıyla məğlub etmişdi.
Xatırladaq ki, ilk turda Rumıniya yığması Ukraynaya 3:0, Slovakiya millisi isə Belçikaya 1:0 hesabıyla qalib gəlmişdi. Bir sözlə, 2 turdan sonra E qrupundakı bütün komandaların hesabında 3 xal var.
Bu gün keçirilmiş 3 oyunla Avropa çempionatının qrup mərhələsinin 2-ci turuna yekun vurulub. Sabah son turun oyunlarına start veriləcək.
Qeyd edək ki, qrup mərhələsində keçirdiyi hər iki oyundan qalib ayrılmış Almaniya, İspaniya və Portuqaliya yığmaları 1/8 finala vəsiqəni artıq təmin ediblər.
AÇ-2024
E qrupu
22 iyun
Belçika – Rumıniya 2:0
Qollar: Yuri Tilemans, 2. Kevin De Bröyne, 80.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Energi” stadionu.
Xal: Rumıniya – 3. Belçika – 3. Slovakiya – 3. Ukrayna – 3.