AÇ-2024: Türkiyə millisi 1/4 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu Leypsiq şəhərində baş tutub.

Burada Avstriya və Türkiyə yığmaları üz-üzə gəliblər. Azərbaycanlı futbolsevərlərin də böyük maraqla gözlədiyi bu görüşə saat 23:00-da start verilib. Qarşılaşma qardaş ölkə yığmasının qələbəsiylə yekunlaşıb. Müdafiəçi Merih Demiralın dubluna Avstriya yığması yalnız təsəlli qolu ilə cavab verə bilib.

Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə, İspaniya, Fransa, Portuqaliya və Niderland yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

Beləliklə, 1/4 finalda İspaniya Almaniyaya, Portuqaliya Fransaya, İngiltərə İsveçrəyə, Türkiyə isə Niderlanda rəqib olub. Bu mərhələnin oyunları iyulun 5-də və 6-da keçiriləcək.

AÇ-2024
1/8 final
2 iyul

Avstriya – Türkiyə 1:2
Qollar: Mixael Qreqoriç, 66 – Merih Demiral, 1; 59.
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Leypsiq. “Red Bull Arena”.