AÇ-2024: UEFA hakimlərin kobud səhvini təsdiqlədi

UEFA bu il Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) 1/4 final mərhələsinin bir oyununda hakimlərin səhvini təsdiqləyib.

Arena.az xəbər verir ki, söhbət Almaniya və İspaniya yığmaları arasında keçirilmiş oyundan gedir.

Bu oyunun 106-cı dəqiqəsində ingilis baş hakim Entoni Teylor tərəfindən İspaniya yığmasının qapısına penalti təyin edilməmişdi.

Xatırladaq ki, oyunun əlavə vaxtında, 106-cı dəqiqədə hesab 1:1 ikən, alman yarımmüdafiəçi Camal Musialanın zərbəsindən sonra, top cərimə meydançasında ispan müdafiəçi Mark Kukurelyanın əlini tapmışdı. Lakin həmin epizoddan sonra hakimin fiti susmuşdu – penalti təyin edilməmişdi.

UEFA bu xüsusda penalti təyin edilməsini təsdiqləyən ən son qaydalarını açıqlayıb. Qurum gələcəkdə müvafiq halların yaşanacağı halda penlati təyin edilməsini tövsiyə edib.

Kukurelyanın əllə oyunu ilə bağlı məqamda müdafiəçinin əlinin gövdəsindən xeyli aralı olduğu və bədən sahəsinin genişləndiyi əsas gətirilir. Qaydalara əsasən, bu, penalti olaraq qiymətləndirilməli idi.

Xatırladaq ki, həmin oyunda İspaniya yığması əlavə vaxtda bir qol vuraraq, 2:1 hesablı qələbəyə sevinmişdi.

AÇ-2024-ün finalına yüksəlməyi də bacarmış İspaniya yığması həlledici oyunda İngiltərə yığması üzərində 2:1 hesablı qələbə qazanmaqla, tarixində 4-cü dəfə Avropa çempionu olub mütləq rekord müəyyənləşdirmişdi.