AÇ-2024-ün final mərhələsinin püşkü atıldı

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2024) final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, növbəti qitə birinciliyinin püşkatma mərasimi Hamburq şəhərində baş tutub.

Bakı vaxtı ilə saat 21:00-da start götürmüş püşkatmaya 21 milli komanda qatılıb. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer almışdılar. Püşkatma öncəsi komandalar reytinqlərinə görə aşağıdakı səbətlərə bölünmüşdülər:

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə;

2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya;

3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya;

4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-offun qalibi, B Yolunda pley-offun qalibi, C Yolunda pley-offun qalibi.

Püşkatma nəticəsində AÇ-2024-ün final mərhələsinin iştirakçıları aşağıdakı qruplarda yer alıblar:

A qrupu
Almaniya
Şotlandiya
Macarıstan
İsveçrə

B qrupu
İspaniya
Xorvatiya
İtaliya
Albaniya

C qrupu
Sloveniya
Danimarka
Serbiya
İngiltərə

D qrupu
A Yolunda pley-offun qalibi
Niderland
Avstriya
Fransa

E qrupu
Belçika
Slovakiya
Rumıniya
B Yolunda pley-offun qalibi

F qrupu
Türkiyə
C Yolunda pley-offun qalibi
Portuqaliya
Çexiya

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyul aralığıda Almaniyanın 10 şəhərində təşkil olunacaq. Qitə birinciliyinin oyunlarını paytaxt Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen və Ştutqart şəhərləri qəbul edəcək.

Avropa çempionatına son üç vəsiqə uğrunda 12 komanda mübarizə aparacaq. A Yolunda Polşa – Estoniya və Uels – Finlandiya oyunları keçiriləcək. B yolunda İsrail yığması İslandiya ilə, Bosniya və Herseqovina millisi isə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. C Yolunda da Gürcüstan – Lüksemburq və Yunanıstan – Qazaxıstan görüşləri baş tutacaq. Qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Finalda qalib gələcək kollektivlər isə növbəti Avropa çempionatında iştirak hüququ əldə edəcəklər.