AÇ-2025: Azərbaycan millisinin oyunlarının stadionu dəyişdirildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2025) seçmə mərhələ oyunlarının stadionu dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-21 yığmamızın oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla ev oyunları öncədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da baş tutmayacaq. Yeni qərara əsasən, Samir Əliyevin kollektivi rəqiblərini “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”da qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı F qrupunda Şimali İrlandiya və Lüskembuqrdan başqa İngiltərə, Serbiya və Ukrayna da var. Komandamız AÇ-2025-in seçmə mərhələsindəki ilk matçında Serbiyaya səfərdə 0:2 hesabıyla uduzub.