AÇ-2025: Millimiz Türkiyəyə məğlubiyyətin əvəzini Bakıda çıxdı

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv doğma meydanda Türkiyə yığması ilə üz-üzə gəlib.

B Liqasının 1-ci qrupu çərçivəsində Mərdəkandakı “Dalğa Arena”da keçirilən görüşü danmarkalı hakimlər briqadası idarə edib. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.

Qrupun digər matçında İsveçrə yığması Macarıstan millisinin qonağı olub. Bu oyunda da meydan sahibləri tək qolla qalib gəliblər.

Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə millisi isə səfərdə İsveçrəyə 1:3 uduzsa da, evdə Macarıstanı 2:1 hesabıyla üstələmişdi.

Bir neçə gün öncə millimiz Türkiyə yığması ilə səfərdə qarşılaşmış və minimal hesabla məğlubiyyətə üzülmüşdü – 0:1.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup

4 iyun

Azərbaycan – Türkiyə 1:0
Qol: Nigar Mirzəliyeva, 89.
Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Mərdəkan, “Dalğa Arena”.

Azərbaycan: 1. Aytac Şərifova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 11. Vüsalə Seyfəddinova (3. Jalə Məhsimova, 67), 18. Alina Dorofeyeva (23. Yeliz Acar, 62), 2. Diana Məmmədova, 7. Manə Mollayeva, 20. Peritan Bozdağ (16. Nazlıcan Parlak, 90+3), 6. Esra Manya, 10. Kristina Bakarandze, 9. Sevinc Cəfərzadə (k).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 17. Fidan Cəfərova, 19. Milana Rəhimova, 21. Aysun Əliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.

Türkiyə: 1. Selda Akgöz (k), 2. Ümran Özev (7. Miray Cin, 46), 4. Eda Karataş, 5. Sejde Abrahammson, 17. İlayda Civelek, 6. Meryem Çal, 10. Ebru Topçu, 16. Ece Türkoğlu, 20. Elif Keskin, 11. Yağmur Uraz (19. Busem Şeker, 35), 13. Birgül Sadıkoğlu (9. Arzu Karabulut, 64).
Ehtiyat oyunçular: 12. Göknur Güleryüz, 23. Qamze Yaman, 3. Didem Karagenç, 8. Derya Arhan, 14. Büşra Kuru, 15. Başak İçinözbebek, 18. Dilara Deli, 21. Kader Hançar, 22. Narin Yakut.
Baş məşqçi: Necla Güngör Kıragası.

Xal: İsveçrə – 9. Türkiyə – 6. Macarıstan – 4. Azərbaycan – 4.