AÇ-2025: U-19 millimizdən tarixi qələbə

Futzal üzrə 19 yaşlılardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo yığması ilə qarşılaşıb.

San Marinodakı “Multieventi Sport Domus”da baş tutan görüşə futzalçılarımız aktiv başlasalar da, hesabı rəqib açıb. Amma ruhdan düşməyən komandamız hissənin tamamına 3 dəqiqə qalmış hesabı bərabərləşdirib. İkinci hissədə millimiz demək olar ki, rəqibə meydanın mərkəzini keçmək imkanı verməyib. Fasilədən sonra daha üç qol vuran yığmamız turnirə möhtəşəm qələbə ilə start verib. Bununla da millimiz Azərbaycan futzalında yeni səhifə açmış oldu. Belə ki, buna qədər xal qazana bilməyən U-19 ilk dəfə meydanı qalib tərk etməklə növbəti mərhələyə yüksəlmək şansını da xeyli artırmış olub. Komandamız növbəti oyununu sabah – yanvarın 26-da San Marinoya qarşı keçirəcək. Görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bu qrupun bütün oyunları San Marinoda keçirilir. Daha öncə Kosovo qrup oyunlarına evsahibliyi edən San Marino ilə qarşılaşıb və 7:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-na qədər keçiriləcək.

AÇ-2025-in seçmə mərhələsi
B qrupu
25 yanvar

Azərbaycan – Kosovo 4:1
Qollar: Hüseyn Cəfərzadə, 17:39. Ədalət Ələkbərov, 22:22; 35:47. Rəvan Məsiyev, 31:34 – Valmir Musoli, 5:12.
Hakimlər: Radim Cep (Çexiya), Adam Çene-Joo (Macarıstan), Jiri Berqs (Belçika).
Hakim-inspektor: Stefan Veber (Almaniya).
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya).
Timekeeper: Laurentiu İlie (San Marino).
Serravalle. “Multievent Sport Domus. Saat 21:00.

Azərbaycan: 12. Əli Həsənzadə, 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 10. Nazim Hüseynov, 14. Rəvan Quliyev, 1. Hüseyn Əbdülov, 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov.
Baş məşqçi: İlqar Aslanov.

Kosovo: 1. Lorind Kadriu, 7. Eryon Yaşaniça (k), 8. Enqyell Mehmeti, 9. Valmir Musoli, 10. Donart Sila, 12. Alton Buquyevçi, 3. Lis Berişa, 4. Lision Mehmeti, 5. Hasani Hisen, 6. Ermal Sadiku, 11. Fatos Musliu, 13. Yll Abazi.
Baş məşqçi: Suad Keçi.