21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz ikinci oyununu Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirib.
“Azərsun Arena”da baş tutan qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə ediblər. Oyun millimiz üçün uğursuz alınıb. 20-ci dəqiqədə hesabı açan qonaqlar bu üstünlüyü sonadək qoruyublar. Halbuki, rəqib 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə millimizin üzvü Camal Cəfərov penaltidən yararlana bilməyib.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start vermişdi. Komandamız həmin görüşdə də 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi.
Şimali İrlandiyanın gənclərdən ibarət seçmə komandası da qrupdakı ilk iki oyunundan məğlub ayrılmışdı. Həm Lüksemburqla ev oyunu, həm də Ukrayna ilə səfər oyunu 0:1 hesablı məğlubiyyəylə başa çatmışdı.
Azərbaycan yığmasının yer aldığı F qrupunda bu gün daha iki qarşılaşma baş tutacaq. Belə ki, Ukrayna yığması Lüksemburqun, Serbiya millisi İngiltərənin qonağı olacaq.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 oktyabr
Azərbaycan – Şimali İrlandiya 0:1
Qol: Kiran Makqakin, 20.
Baş hakim: Georgi Davidov.
Baş hakimin köməkçiləri: Georgi Doynov, Miroslav Maksimov.
Dördüncü hakim: Kristiyan Kolev (Hakimlər briqadası Bolqarıstandandır).
Bakı. “Azərsun Arena”.
Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 3. Mirəli Əhmədov, 4. Hüseyn Babayev, 7. Camal Cəfərov, 8. Fərid Yusifli (k), 9. Ağadadaş Salyanski, 10. Veysəl Rzayev, 17. Murad Vəliyev, 18. Mahir Həsənov, 23 Ramin Nəsirli.
Ehtiyat oyunçular: 22. Rza Cəfərov, 5. Nazim Həsənzadə, 11. Samir Məhərrəmli, 14. Zeynəddin Əbdürahmanov, 15. Ayxan Süleymanlı, 16. İbrahim Ramazanov, 19. Samir Abdullayev, 20. Rüfat Əhmədov, 21. Xəyal Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Şimali İrlandiya: 1. Stefen Makmullan, 2. Karl Conston (k), 3. Sin Stüart, 4. Maykl Forbes, 5. Sem Maklelland, 6. Çarli Makkann (16 Ceymi Makdonnell, 46), 8. Patrik Kelli, 9. Kiran Makgukkin, 10. JJ Makkirnan, 14. Aaron Donnelli, 21. Çarli Allen.
Ehtiyat oyunçular: 12. Coş Klark, 7. Terri Devlin, 11. Castin Devenni, 13. Maykl Qlinn, 17. Kristofer Makki, 18. Ross Makkausland, 19. Tommi Foqerti, 22. Ceyson Lindsi.
Baş məşqçi: Tommi Rayt.
Xal: İngiltərə – 3. Serbiya – 3. Ukrayna – 3. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 0.


