AÇ-2025: U-21 millimiz Bakıda Serbiya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxır.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 8-ci oyununu Serbiya yığmasına qarşı keçirəcək.

Doğma meydanda baş tutacaq qarşılaşmaya saat 19:00-da start veriləcək. Görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi Bastyen Deşepi olacaq. Ona yan xətt hakimləri Aleksis Oje və Bris Parin Le Telye kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi bu seçmə mərhələdəki ilk oyununu səfərdə məhz Serbiya yığmasına qarşı keçirmiş və 0:2 hesablı məğlubiyyətə üzülmüşdü. İndi komandamızın həmin məğlubiyyətin qisasını almaq üçün yaxşı imkanı var.

Komandamızın bu seçmə mərhələdə qazandığı yeganə qələbə Lüksemburqla ev oyununa təsadüf edib – 3:2. Millimiz qalan oyunlarının hamısından məğlubiyyətlə ayrılıb. Ukraynaya səfərdə 0:1, evdə 0:3, Şimali İrlandiyaya evdə 0:1, İngiltərəyə evdə 1:5, Lüksemburqa səfərdə 0:2 hesabıyla uduzmuşuq.

Serbiya yığması isə bu seçmə mərhələdə keçirdiyi 8 oyundan 3 qələbə, 1 heç-heçə və 4 məğlubiyyətlə ayrılıb. Rəqibimiz 10 xalla qrup üçüncüsüdür.

F qrupunun bu gün baş tutacaq digər oyununda Ukrayna yığması Şimali İrlandiyanın qonağı olacaq.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
10 sentyabr

Azərbaycan – Serbiya
Baş hakim: Bastyen Deşepi, Aleksis Oje, Bris Parin Le Telye, Floran Batta (Hamısı Fransada).
Dalğa Arena. Saat 19:00.

Xal: Ukrayna – 21. İngiltərə – 19. Serbiya – 10. Lüksemburq – 7. Şimali İrlandiya – 7. Azərbaycan – 3.