21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki beşinci oyununu İngiltərə yığmasına qarşı keçirib.
Görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi FİFA referisi Antoni Bandiç olub.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start vermiş və 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi. Millimizin Şimali İrlandiya ilə ev oyunu isə 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı. Komandamız yalnız Lüksemburqla ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılmışdı. Ukrayna ilə səfər qarşılaşması isə yığmamız üçün məğlubiyyətlə bitmişdi – 0:1.
İngiltərə yığması isə əvvəlki oyunlarından 4 qələbə və 1 məğlubiyyətlə ayrılmışdı. İngilislər Bakıdakı oyunda da qələbə qazanıblar. Altı qolluq qarşılaşmada yığmamız 1:5 hesablı məğlubiyyətə üzülüb. Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Bu gün F qrupu çərçivəsində Serbiya da Lüksemburqun qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
Azərbaycanın U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
22 mart
Azərbaycan – İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 85 – Harvi Elliot, 25; 67. Noni Madueke, 29. Harvud-Bellis, 53. Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Azərsun Arena”.
Azərbaycan: 2. Rüstəm Samiqullin, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 20. Rüfət Əhmədov, 11. Emil Səfərov (5. Nazim Həsənzadə, 89), 9. Nəriman Axundzadə (23. Ramin Nəsirli, 83), 8. Fərid Yusifli (6. Zeynəddin Abdurahmanov, 46), 7. Camal Cəfərov (17. Murad Vəliyev, 59), 18. Ağadadaş Salyanski (10. Samir Abdullayev, 59).
Ehtiyat oyunçular: 22. Amin Ramazanov, 2. Abdulla Rzayev, 14. Ayxan Süleymanlı, 21. İbrahim Ramazanov.
Baş məşqçi: Samir Əliyev.
İngiltərə: 1. Ceyms Trafford, 3. Kallum Doyl, 23. Natan Vud, 5. Teylor Harvud-Bellis, 2. Riko Luis (12. Bruuk Norton-Koffi, 83), 10. Ceyms Makate (18. Arçi Qrey, 83), 6. Tayler Morton, 19. Harvi Elliot (14. Aleks Skott, 74), 20. Morqan Rocers, 7. Cayden Filoyen (21. Ceymi Bayno-Gittens, 74), 11. Noni Madueke (17. Samuel İlinq-Junior, 74).
Ehtiyat oyunçular: 13. Samuel Tikl, 4. Carell Quansah, 9. Cey Stansfild, 15. Çarli Kressvell.
Baş məşqçi: Li Cersli.
Xal: Ukrayna – 15. İngiltərə – 9. Serbiya – 9. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 3.