AÇ-2025: U-21 millimiz Ukrayna yığmasını büdrədə biləcək?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxır.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki altıncı oyununu Ukrayna yığmasına qarşı keçirəcək.

Bakıda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi Dario Bel olacaq. Ona yan xətt hakimləri Qoran Pataki və İvan Yaniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Zdenka Lovriç yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi Ukraynaya qarşı İspaniyada keçirdiyi səfər oyununda 0:1 hesabıyla uduzmuşdu. Komandamız indi həmin məğlubiyyətin vəzini çıxmağa çalışacaq. Üstəlik, ukraynalılar buna qədər keçirdikləri 5 oyunun hamısından qalib ayrılıblar. Bu üzdən millimiz rəqibin uğurlu seriyasına da son qoya bilər. Qrupumuzun lideri isə qələbə seriyasını Bakıda da davam etdirməyə çalışacaq.

Azərbaycan yığması bu seçmə mərhələdə Serbiyaya (səfərdə 0:2), Şimali İrlandiyaya (evdə 0:1) və İngiltərəyə (evdə 1:5) də məğlub olub. Komandamız yalnız Lüksemburqla ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.

F qrupunun bu gün baş tutacaq digər görüşlərində Serbiya Şimali İrlandiyanı, İngiltərə isə Lüksemburqu qəbul edəcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
26 mart

16:00. Azərbaycan – Ukrayna
Baş hakim: Dario Bel (Xorvatiya).
Baş hakimin köməkçiləri: Qoran Pataki, İvan Yaniç (Xorvatiya).
Dördüncü hakim: Zdenka Lovriç (Xorvatiya).
Bakı. “Azərsun Arena”.

Xal: Ukrayna – 15. İngiltərə – 15. Serbiya – 10. Lüksemburq – 4. Şimali İrlandiya – 3. Azərbaycan – 3.