21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 10-cu oyununu İngiltərə yığmasına qarşı keçirəcək.
Bristol şəhərindəki “Aşton Qeyt” stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi xanım referi İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri Sanya Rodyak-Karşiçlə Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan millisi İngiltərə yığması ilə ev oyununda 1:5 hesablı məğlubiyyətə üzülüb. Uğursuz tsikl keçirən yığmamızın bu rəqiblə səfər oyunundakı şansları da yüksək qiymətləndirilmir. Ardıcıl 6 oyundur uduzan komandamız bu seçmə mərhələdəki yeganə qələbəsini doğma meydanda Lüksemburq üzərində qazanıb – 3:2. Qalan 8 oyun isə məğlubiyyətlə yekunlaşıb. Elə bu səbəbdən də Azərbaycan yığması yer aldığı qrupda hazırda 3 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.
İngiltərə yığması isə keçirdiyi 9 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb. Rəqibimiz 22 xalla 2-ci sıradadır. İngilislərin qalib gələcəyi halda qrup lideri olmaq fürsəti də var. Bunun üçün ilk sırada qərarlaşmış Ukrayna yığmasının (24 xal) Serbiya ilə səfər oyununda xal itirməsi lazımdır. Azərbaycan yığmasının isə son oyunda qalib gələcəyi halda belə sonuncu olacağı artıq dəqiqləşib.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
15 oktyabr
İngiltərə – Azərbaycan
Hakimlər: İvana Martinçiç, Sanya Rodyak-Karşiç, Maya Petraviç, Sabina Boliç (hamısı Xorvatiya).
Hakim-inspektor: Yens Larsen (Danimarka).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bristol. “Eşton Qeyt” stadionu. Saat 22:30.