21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxır.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 9-cu oyununu Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
Şimali İrlandiyanın Ballimena şəhərindəki “The Showgrounds” stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Oyunu Farer adalarından olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Heini Ziskason Vicoy olacaq. Ona yan xətt hakimləri Dan Petur Pauli Hoyqard və Yan Hermansen kömək edəcəklər. Byarki Danielsen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan millisi Şimali İrlandiya yığması ilə ev oyununda 0:1 hesablı məğlubiyyətə üzülmüşdü. Uğursuz tsikl keçirən yığmamızın bu rəqiblə səfər oyunundakı şansları da yüksək qiymətləndirilmir. Ardıcıl 5 oyundur uduzan komandamız bu seçmə mərhələdəki yeganə qələbəsini doğma meydanda Lüksemburq üzərində qələbə qazanıb – 3:2. Qalan 7 oyun isə məğlubiyyətlə yekunlaşıb. Elə bu səbəbdən də Azərbaycan yığması yer aldığı qrupda hazırda 3 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.
Şimali İrlandiya yığması isə keçirdiyi 8 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. Rəqibimiz 7 xalla 4-ci sıradadır. Bir sözlə, bu gün millimiz Ballimenada qələbə qazansa belə, yenə sonuncu pillədən qurtula bilməyəcək.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 oktyabr
Şimali İrlandiya – Azərbaycan
Hakimlər: Heini Ziskason Vicoy, Dan Petur Pauli Hoyqard, Yan Hermansen, Byarki Danielsen (hamısı Farer adaları).
Ballimena. “The Showgrounds” stadionu. Saat 18:00.
Xal: Ukrayna – 24. İngiltərə – 22 Serbiya – 13. Lüksemburq – 7. Şimali İrlandiya – 7. Azərbaycan – 3.


