Karate üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 8 medal qazanıb. Arena.az xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür.
Qitə birinciliyində para-karate üzrə seçmə komandamız da iştirak edib. 8 medaldan dördünü (1 qızıl, 2 gümüş və 1 bürünc) məhz para-karateçilər qazanıblar.
Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olublar. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıblar. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkələr arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb.
Para-karateçilərin Avropa çempionatında isə Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutublar. Para-karateçilərdən ibarət Azərbaycan millisi medal sıralamasında ikinci olub.
Beş gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı mübarizə aparıb. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının referiləri arasında yer alıblar.
Xatırladaq ki, Azərbaycan millisi martın 22-dən 26-na qədər davam edən Avropa çempionatına 21 idmançı ilə yollanmışdı. Kişilərdən ibarət kumite üzrə milli komandanın baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə beş karateçimiz mübarizə aparıb: Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (84+ kq). Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparıblar.
Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev isə Avropa çempionatına bu idmançıları aparmışdı: Fidan Teymurova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Renata Ərəbli (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva.
Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu (fərdi kata), Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti komanda kata yarışlarına çıxarıb.
Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı isə baş məşqçi Rənad Əliyev müşayiət edib.
Xatırladaq ki, böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.



