AÇ: Azərbaycanın veteran cüdoçuları daha 3 qızıl medal qazandılar

Azərbaycanın veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında daha üç medal qazanıblar.

Arena.az xəbər verir ki, yarışın ikinci günündə M3 və M4 yaş kateqoriyaları üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Günün yekununda 3 cüdoçumuz qızıl medala sahib olub. M3 yaş kateqoriyası üzrə -81 kq çəkidə yarışan Zülfüqar Hüseynov bütün rəqiblərindən güclü olub. M4 yaş kateqoriyasında isə -60 kq çəkidə Babək Hacıyev və -73 kq çəkidə Vüqar Budaqov qızıl medal əldə ediblər.

M3 yaş kateqoriyası üzrə -81 kq çəkidə Ceyhun Hüseynov və -100 kq çəkidə Ramil Muradov, M4 yaş kateqoriyası üzrə -90 kq çəkidə Mahir Ağamirzəyev və -100 kq çəkidə Emil Hüseynov 5-ci yerə çıxıb.

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatının ilk yarış günündə də 2 medal qazanmışdılar. M7 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. M6 yaş kateqoriyası üzrə +100 kq çəkidə yarışan cüdoçumuz Qabil Qasımov isə bürünc medala layiq görülmüşdü.

Xatırladaq ki, 37 ölkədən 669 idmançının qatıldığı çempionatda Azərbaycan 7 yaş kateqoriyası üzrə bütövlükdə 36 idmançı ilə təmsil olunur. Veteranlardan ibarət komandamız bu yarışda baş məşqçi Fərhad Rəcəblinin rəhbərliyi altında çıxış edir.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alır.