AÇ: Bədii gimnastika yığmamızdan ilk gündə iki medal

Bu gün Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə sayca 39-cu Avropa çempionatına start verilib. Arena.az xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparır.

Onlardan 191-i böyüklər, 124-ü isə gənclər arasında qüvvəsini sınayır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Bu gün Avropa çempionatının açılış mərasimi də baş tutub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimini izləyib. Mərasimdə Azərbaycan gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çıxış edib. Açılış mərasimində ölkəmizdə fəaliyyət göstərən 9 gimnastika növünü təmsil edən gimnastların ifasında Hollivud ab-havasında möhtəşəm şou proqram təqdim olunub. Tanınmış müğənni Vaqif Nağıyev və xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin xüsusi qonağı olan müğənni Hissin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

İlk gündə Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450) bürünc medala layiq görülüblər.

Onlar 5 topla hərəkətlərin icrasında da (29.000 xal) bürünc medal qazanıblar.

Bütövlükdə, Avropa çempionatının ilk günündə gənc qrup komandaları arasında çoxnövçülük proqramı, 5 top və 5 iplə hərəkətlərin icrasında qaliblər müəyyənləşib. Azərbaycan milli komandasının üzvləri günü 2 bürünc medalla (çoxnövçülük və 5 top) baş vurublar.

Təşkilat komitəsinin gənclər arasında qrup komandaları üçün nəzərdə tutulan “Tamaşaçı rəğbəti” nominasiyası üzrə xüsusi mükafatı təqdim olunub. Bu mükafata yarışın ilk günü tamaşaçılar arasında keçirilən səsvermənin nəticələrinə əsasən Azərbaycan komandası layiq görülüb.

Bədii gimnastika üzrə Avropa çempionatına mayın 21-də yekun vurulacaq.