İngiltərənin “Vulverhempton” klubunun ispan vingeri Adama Traore bu komandadan ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Fulhem”ə keçib.
Arena.az bu barədə “Fulhem”in mətbuat xidmətinə istinadən məlumat verir.
“Bağçılar” Traore ilə ilə azad agent qismində müqavilə imzalayıblar. Tərəflər daha bir il uzadılması şərti ilə 2 illik – müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə bağlayıblar.
Traorenin “canavarlar”la müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb. Tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəliblər.
Geridə qalmış 2022/2023 mövsümündə Traore “Vulverhempton”un heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib. O, bu komandada bütövlükdə 194 matça çıxıb, 14 qol və 20 assist müəllifi olub.
Adama “Midlsbro”, “Barselona” və “Aston Villa”da da oynayıb. O, 2020-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” 27 yaşlı Traoreni 10 milyon avro məbləğində qiymətləndirir.
“Fulhem”in vingeri İvan Kavaleyro da Fransanın “Lill” klubuna keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
“Fulhem”in 2020-ci ildə “Vulverhempton”dan 11,8 milyon avroya transfer etdiyi portuqal vinger bu komandada 104 oyuna 11 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Kavaleyro “Benfika”, “Monako”, “Alanyaspor” və “Deportivo”da da oynayıb, Portuqaliya yığmasında 2 matç keçirib.
“Lill” “Ximnasiya”dan İqnasio Miramonu da transfer edib. Fransa klubu bu keçidə görə qarşı tərəfə 6 milyon avro ödəyib. 20 yaşlı argentinalı ilə 5 illik müqavilə imzalanıb. Dayaq yarımmüdafiəçisi “Ximnasiya”nın öz yetirməsidir. O, Argentina klubunun əsas komandasında 31 oyun keçirib.
“Lill” təcrübəli qapıçısı Benua Kostillə də yollarını ayırıb. 36 yaşlı ftansız azad agent kimi İtaliyanın “Salernitana” klubuna keçib. O, yeni klubu ilə 1 illik anlaşıb. Fransa yığmasında 1 oyun keçirmiş Benua, “Renn”, “Bordo”, “Sedan”, “Vann”, “Oser”, “Kan” kimi klublarda forma geyinib.
“Salernitana”nın mərkəz müdafiəçisi Valerio Mantovani isə “Ternana”ya keçib. 27 yaşlı italyan yeni klubu ilə 3 illik anlaşıb. O, “Salernitana”da 84 oyun keçirib, 2 assistlə yadda qalıb.


