Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqanın yeni təmsilçisi argentinalı yarımmüdafiəçi Lukas Kastronu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lukas Kastro geridə qalan mövsümün ikinci dövrəsini Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”də keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 16 oyunda 3 qola imza atıb. Argentinalı vinger peşəkar karyerasına ölkəsinin “Ximnasiya La Plata” klubunda başlayıb. Daha sonra Argentinanın “Rasinq” klubunda forma geyinən futbolçu, İtaliyada SPAL, “Kalyari”, “Kyevo”, “Kataniya”nın da uğurları üçün çalışıb.
26 il sonra Super Liqada iştirak hüququ qazanan “Adana Dəmirspor” bu yay Mario Balotelli, Yunes Belhanda, Britt Assombalonqa və Yonas Svenssonu da transfer etmişdi. Sözügedən komanda yeni mövsümün açılış turunda doğma meydanda “Fənərbaxça” ilə üz-üzə gələcək. Super Liqada yeni mövsümə avqustun 13-də start veriləcək.


