“Adana Dəmirspor” daha üç transfer etdi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Metehan Mimaroğlu, Benjamin Stambuli və David Akintolanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mimaroğlu ilə 2+1, Stambuli ilə 2, Akintola ilə də 3 illik müqavilə imzalanıb.

Sol cinah vingeri olan Metehan Mimaroğlu ötən mövsüm “Altınordu” klubunda çıxış edib. 27 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 49 oyunda 12 qolla yadda qalıb.

Benjamin Stambuli 2016-cı ildən Almaniyanın “Şalke” klubunda forma geyinirdi. Fransalı yarımmüdafiəçi əvvəllər İngiltərədə “Tottenhem”, Fransada “Monpelye” və PSJ kimi klublarda da çıxış edib. 30 yaşlı futbolçu Almaniya təmsilçisində 130-dan çox rəsmi matça çıxıb.

David Akintola isə Danimarkanın “Midtyulland” klubundan transfer olunub. 25 yaşlı nigeriyalı vinger bu komandada heyətə düşə bilmədiyi üçün “Tisted”, “Jerv”, “Hauqesund”, “Rusenborq”, “Omoniya” kimi klublarda icarədə oynayıb. Geridə qalan mövsümdə isə o, Türkiyənin “Hatayspor” klubunda icarədə olub. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 37 matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Adana Dəmirspor” daha öncə Mario Balotelli, Yunes Belhanda, Britt Assombalonqa, Yonas Svensson, Lukas Kastro, Ferhat Kaplan və Tayfun Aydoğanı da transfer etmişdi.