“Adana Dəmirspor” gənc futbolçusunu Xorvatiya klubuna göndərdi

Türkiyənin “Adana Dəmirspor” klubunun hücumameyilli yarımmüdafiəçisi Floran Şehu Super Liqa təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Xorvatiyanın “Zrinski Osyeçko” klubu tərəfindən icarəyə götürülüb.

O, bu mövsümün sonuna kimi Xorvatiyada forma geyinəcək. Gənc yarımmüdafiəçinin icarə müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb. Şehu mövsüm bitən kimi 2026-cı ilin 30 iyununa kimi müqaviləsinin olduğu Adana klubunun düşərgəsinə qayıdacaq.

Floran Şehu “Adana Dəmirspor”a 2023-cü ilin sentyabr ayında İsveçrənin “Lütsern” klubundan azad agent kimi gəlmişdi. Amma o, Super Liqa təmsilçisinin heyətində cəmi 1 oyuna çıxıb.

Fransa və Albaniya vətəndaşlığına da malik olan isveçrəli yarımmüdafiəçi “Lozanna Jugend”, “Barselona”, “Valensiya”, “Bazel”, “Levante”, “Latsio” və “Lütsern” kimi klubların futbol akademiyalarında olub. O, Albaniyanın U-19, İsveçrənin U-18 yığmalarında da oynayıb.