Adem Lyayiç yenidən Türkiyəyə üz tutdu

Bu yay Türkiyənin “Beşiktaş” klubundan azad agent kimi ayrılan serbiyalı futbolçu Adem Lyayiç özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu yenidən Türkiyə Super Liqasında mübarizə aparmağa qərar verib.

O, “Fatih Karagümrük” klubunun təklifini qəbul edib. Tərəflər 1.5 illik müqavilyə imza atıblar. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə müqavilənin 2023-cü ilin yanvar ayından qüvvəyə minəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Adem Lyayiç 2018-ci ildən “Beşiktaş”da forma geyinirdi. O, əvvəlcə icarə əsasında bu klubun heyətinə cəlb olunmuşdu. 2019-cu ilin yayında isə İstanbul təmsilçisi onu İtaliyanın “Torino” klubundan 6.5 milyon avro qarşılığında birdəfəlik transfer etmişdi. O, “qara qartallar”ın heyətində bütövlükdə 85 matça çıxıb. Serbiyalı yarımmüdafiəçi bu matçlarda 18 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub.

Lyayiç daha öncə “Torino”dan başqa “Roma”, “İnter”, “Fiorentina” və “Partizan” klublarının da formasını geyinib. Yarımmüdafiəçi Serbiya yığmasında 47 oyuna 9 qol vurub.