Adil Nağıyev “Səbail”i “Şamaxı”ya dəyişdi

Səbail” müdafiəçisi Adil Nağıyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin “Şamaxı”ya icarəyə verildiyi diqqətə çatdırılıb. 26 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi “Şamaxı”nın uğurları üçün çalışacaq.

Azərbaycan yığmasının da üzvü olan Adil Nağıyev bu yay “Səbail”lə yeni müqavilə bağlamışdı. Lakin sonradan komandanın yeni baş məşqçisi Mahmud Qurbanov onu heyətdə saxlamaq istəməyib. Bu üzdən də yekunda futbolçunun başqa kluba icarəyə verilməsi qərara alınıb.

Xatırladaq ki, Nağıyev 2019-cu ildən “Səbail”də çıxış edir. O, daha önvə AZAL, “Zirə” və “Sumqayıt”da da oynayıb.

“Səbail” bu yay Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyovla da yollarını ayırmışdı. Əvəzində Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə yeni müqavilə imzalanıb.

“Dənizçilər” xeyli transfer də həyata keçirib. Yerli oyunçulardan Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli, Emil Balayev və Samir Abdullayev bu kluba keçib. “Səbail” Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de França, Franko Mazurek və Fakundo Kardozo kimi legionerlərlə də güclənib.