Premyer Liqada mübarizə aparan “Səbail”in mərkəz müdafiəçisi Adil Nağıyev Azərbaycan çempionatları tarixində 200-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu göstəriciyə Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”la ev görüşündə (2:0) nail olub.
Bu münasibətlə “Səbail” klubunun Müşahidə Şurasının üzvü Əbdül Qəni Nurməmmədov futbolçunu bu gün baş tutan “Sumqayıt”la ev oyunundan öncə təbrik edib.
Qeyd edək ki, Premyer Liqada debütü 2015/2016 mövsümünə təsadüf edən Adil Nağıyev “Səbail”in heyətində ümumilikdə 88 qarşılaşmada meydana çıxıb. O, karyerası ərzində “Zirə” (83) “Sumqayıt” (12) və “Şamaxı” (17) klublarının da formasını geyinib.
Nağıyev ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.
