Adil Şükürov: “İstədiklərimizə qismən nail olduq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz bitən oyundan (0:0) sonrakı mətbuat konfransında bunları söyləyib:

“Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm ki, bu gün bizi tək qoymadılar, dəstək verdilər. Futbolçular da əllərindən gələni etdilər. Komandada yeni olsaq da, tam üslubumuzu tətbiq etmək üçün müəyyən vaxt lazımdır. Milli komandalara görə çempionata verilən fasilə zamanı çalışdıq ki, nələrisə dəyişək. Qismən də istədiklərimizə nail ola bildik. Sonrakı matçlara baxacağıq. Daha çətin oyunlarımız var, sıx qrafikimiz olacaq. Futbolçularla bu barədə danışmışıq. Komandamız daha yaxşı performans göstərərək, uğurlu nəticələr qazana bilər.

Hər komandada davamlı dəyişikliklər olmalıdır. Bu komandada hər oyun üslubu olaraq, həm də futbolçu sarıdan dəyişikliklər etmək lazımdır. Bəzi futbolçulara ehtiyacımız var. Onu da qış fasiləsində etmək istəyirik. Amma hazırda bizdə olan futbolçuların ən yaxşı performanslarını göstərməsini istəyirik. Qış fasiləsində kimlərin qalacağına, kimlərin gedəcəyinə hələ tam olaraq qərar verməmişəm. Onu qışda dəqiqləşdirəcəyik. Bəzi oyunçularla müqavilə bağlamaq haqda fikirləşirik. Amma onların qışa qədər vaxtı var. Gərək o dönəmdə özlərini göstərsinlər ki, komandada qalsınlar. Bu, hər bir futbolçuya aiddir.

Rəqibin kimliyindən asılı olmayaraq, çalışırıq ki, istədiyimiz oyunu meydanda tətbiq edək, öz üslubumuzu göstərək. “Kəpəz”in hər zaman öz üslubu olub, hücum futboluna üstünlük verib. Biz də, futbolçulara olduqları yeri bilmələrini aşılayırıq. Futbolçular psixoloji cəhətdən buna hazır olmalıdır. Onlar bilməlidir ki, futbol regionunu təmsil edirlər”.

Adil Şükürov ona qədər komandaya rəhbərlik etmiş Azər Məmmədovla danışıb, halallıq aldığını da dilə gətirib: “Mütləq. Azər müəllimlə bu gün də danışırıq, görüşürük. Onun bu komandanın formalaşmasında əziyyəti var. Davamlı olaraq da, əlaqədəyik. Qısa dönəmdə komandanı qəbul etmişik. Bu dönəmdə futbolçuların performansının yüksəlməsinə çalışdıq. 60-70-ci dəqiqəyə qədər komandanı formalaşdıra bilmişik. Bundan sonrakı işimiz daha çətindir. Çünki sıx qrafikdəyik. Bütün futbolçuların xidmətindən istifadə edəcəyik ki, zədələr olmasın”.

“Bizim günümüz deyildi” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının oyununu belə şərh edib:

“Dramatik oyun keçdi. Qalib gəlməyi çox istəyirdik. Bizim günümüz deyildi. Lakin komandamın oyunundan razıyam. 13 turda bəlkə də bir oyunda bu qədər qol vəziyyəti yaratmamışdıq. “Kəpəz” zəif rəqib deyil. Liqada zəif komanda yoxdur. Heç-heçə oynamağa gəlmişdilər, buna da nail oldular. Sıx müdafiəyə qarşı sürətimiz çatmadı. Oyunun günorta keçirilməsi futbolçulara təsirsiz ötüşmədi. Yuxulu deyildilər, amma partlayış sürətinin çatışmaması bizə mane oldu. Futbolçulara təşəkkür etdim. Qızıla bərabər bir xal qazandıq. Elə oyun oynamışıq ki, rəqib bizdən daha yaxşı oynasa da, qalib gəlmişik. Sıx qrafikdəyik. “Kəpəz”ə uğurlar arzulayıram. Gəncə Azərbaycanın futbol beşiyidir. “Kəpəz”in Premyer Liqada qalması çox xoş olardı”.