Adil Şükürov: “Qol vurandan sonra çox sadə səhvlər buraxırıq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Planlaşdırdığımız kimi, oyuna aqressiv başladıq. İlk dəqiqələrdə qolumuzu vurduq. Bəzi səhvlərimizdən sonra “Sabah” üstünlüyü ələ keçirdi. Sonradan oyunda dönüş etməyə çalışsaq da, alınmadı. Bizimlə “Sabah”ı müqayisə etmək Azərbaycanla Skandinaviya futbolunun fərqinə oxşayır.

Qol vurandan sonra komanda çox sadə səhvlər etməyə başlayır. Səhvlərdən sonra rəqiblər üstünlüyü ələ alırlar. Bunun üzərində daha çox çalışmalıyıq. Görüləsi işlər çoxdur.

Bizi qarşıda daha vacib oyunlar gözləyir. Həmin matçlarda düzgün qərarlar verib, lazım olan nəticələri qazanmağa çalışacağıq.

Komanda aqressivliyini saxlaya, qol vura bilir. Bizə vacib olan qol vurmaqdır. Arxayınlıqdan ümumiyyətlə söhbət gedə bilməz. Çünki, o durumda deyilik”.

Adil Şükürov Vüsal Məsimovu ehtiyatda, həmçinin Amil Yunanovu yorulmasına rəğmən, sonadək meydanda saxlamasına da aydınlıq gətirib:

“Vüsal Məsimovun ehtiyatda qalmasının səbəbi son oyunlarda buraxdığı səhvlərlə bağlı idi. Amma oyun olaraq heç bir futbolçudan narazılığımız yoxdur.

Amil Yunanov ikinci hissədə əvəz etmək olardı. Bəzən futbolçuların təcrübəsi daha önə keçir. Papunaşvilini də sona qədər meydanda saxladıq. Bu futbolçuların verəcəyi düzgün qərarları gözləyərək addımlar atırıq”.

“Sabah”ın məşqçisi Ruslan Qafitullin isə qalib gəldikləri matça belə şərh verib:

“Çox maraqlı və dinamik oyun keçdi. Matçı üç hissəyə bölmək olar. Birinci hissədə “Kəpəz” daha aktiv idi. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Amma buna baxmayaraq, oyunu bərabərləşdirdik. Əlimizə düşən fürsətlərdən istifadə edə bildik.

Çox şadam ki, bu gün Xəyal Əliyev kimi gənc futbolçuya şans verdik. O da bu şansdan istifadə edə bildi, özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə necə olacağını deyə bilmərəm.

Həftəlik tsikldə məşqlərdə kimin özünü yaxşı göstərdiyinə baxırıq. Bundan sonra qərar veririk. Çempionat uzundur. Bütün futbolçulara şans verilir. Kimin özünü necə göstərməsinə görə komandanı formalaşdırırıq”.