“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:3 hesabıyla başa çatmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Bizdən gözləntilər çox idi. Birinci hissədə komandam çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Birinci hissədə qələbəyə daha yaxın idik. Amma gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq. Bu heç-heçə bizim üçün xoş oldu.
Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş ikinci qolu buraxdıq.
“Səbail”in stadionunun ot örtüyü bir az fərqlidir. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur”.
Adil Şükürov hakimlik haqqında danışmaq istəməyib: “Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandır. Baxış bucaqları fərqli ola bilər”.
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə məhsuldar heç-heçəyə belə şərh verib:
“Belə oyundan sonra danışmaq çox çətindir. İki fərqli hissə izlədik. İlk yarıda bəsit qollar buraxdıq. İkinci hissədə komanda həm xarakter göstərdi, həm də oyunla “Kəpəz”i sıxmağa başladı. 4 dəqiqə əlavə olunan matçda son dəqiqədə qol buraxmaq çox ağırdır. Hakimlər oyunu ideal idarə etdilər. Sadəcə, çox vaxt artırdılar. Qırmızı vərəqəyə baxılmasını çox istəyərdim. Sonda buraxdığımız qol hər şeyin üstündən xətt çəkdi. Futbolun iki üzü var. Kim deyirsə ki, “Səbail”ə hakimlərin simpatiyası var, yanlışdır. Kiminsə musiqisinə oynamağa çalışmayın. Növbəti oyuna hazırlaşmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. İkinci hissədən tam razı qaldım”.