“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Qələbə qazandığımız üçün çox sevinirəm. “Qəbələ”ni təhlil etmişdik. Bilirdik ki, ilk dəqiqələrdə ön xəttdə çox aqressiv olurlar. Rəqibin hücumla müdafiəsi arasında böyük məsafə olur. Oyunumuzu da bunun üzərində qurmuşduq. Çalışırdıq ki, bu boşluqdan istifadə edib sürətli hücumlar quraq. Bu gün bunu edə bildik.
Şakir Seyidovu çoxdan tanıyırıq, potensialına bələdik. Bu gün çıxış etdiyi mövqedə oynaya bildiyini bilirdik, ona güvənirdik. Şakirin faydalı iş əmsalı həmin mövqedə daha yüksəkdir. Həmişə deyirəm ki, gənclərə şans verməliyik. Elə şans olmalıdır ki, uşaqlar həmin oyunlarda öz potensiallarını göstərə bilsinlər. Bu gün Əli ilə Cavadı meydana buraxdıq. Gəncə futbolunun gələcəyi üçün kimlərisə qazanmağa çalışırıq”.
Adil Şükürov klub rəhbərliyinin komandanı böhrandan çıxarmaq üçün əlindən gələni etdiyini də vurğulayıb: “Rəhbərlik hər zaman komandanın yanındadır. Bu, çox vacib amildir. Çalışırıq ki, futbolçuları motivasiya edək, oyunlara hazırlayaq. Hazırda etdiklərimiz bizim tam olaraq istədiklərimiz deyil. Qarşıda böyük oyunlar var. Çalışacağıq ki, daha yaxşı olaq”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətini belə şərh edib:
“Oyundan əvvəl planımız qələbə qazanmaq idi. Başa düşürük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə önəmlidir. Həftəlik hazırlıq tsiklində də futbolçuların istəkli olmasını görürdük. Oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən düşündüyümüz tempi görmədik. Düşünürəm ki, problem özümüzdədir. Rəqibə qalib gəlmək üçün hər şansı verdik və onlar bundan istifadə etdilər. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Bizim səhvlərdən sonra aktivləşirdilər. Çox sayda səhv etdik. Bəzi şeyləri düzəltməliyik ki, daha yaxşı olaq. Problem məndədir ki, komanda uduzur. Cavabdeh mənəm. “Qəbələ” üçün ən yaxşısını etməyə hazıram”.


