Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə qorumuş “Qəbələ” Kot-d’İvuardan olan sağ vingeri Adriel Ba Lua ilə yollarını ayırıb.
Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, klubla futbolçu arasında bağlanmış müqavilənin müddəti başa çatıb. “Qəbələ” futbolçuya klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Adriel Ba Lua 2025-ci ilin yayından bu komandada çıxış edirdi. O, bu müddətdə 35 oyunda 4 qol vurub. Vinger Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
Ba Lua daha öncə ASEC (Kot-d’İvuar), “Lill” (Fransa), “Kan” (Fransa), “Vayle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.
Xatırladaq ki, “Qəbələ” daha öncə İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko və Murad Musayevlə də yollarını ayırmışdı.


