“Milan”ın fransalı yarımmüdafiəçisi Adrien Rabyo cari ilin sentyabr ayında Marsel “Olimpik”indən İtaliya klubuna keçidini şərh edib.
Arena.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Milan” məni hələ ötən il dəvət etmişdi. Biz ünsiyyətdə idik. İndi, hesab edirəm ki, “Milan” üçün çıxış etməyimin münasib zamanı yetişib”, deyə Rabyo vurğulayıb.
Xatırladaq ki, Adrien Rabyo 2025-ci ilin yayında Fransanın “Olimpik” (Marsel) klubundan 7 milyon avro müqabilində “Milan”a keçib. 30 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.
Rabyo “Milan”ın heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Rabyo böyük futbolda PSJ-nin heyətində debüt edib. O, bir müddət “Tuluza”da icarə əsasında çıxış edib. Fransalı futbolçu 2019-cu ilin iyulunda PSJ-dən azad agent qismində “Yuventus”a keçib. 2024-cü ilin yayında İtaliya klubundan ayrılan yarımmüdafiəçi Marsel “Olimpik”inə üz tutub.
Adrien Rabyo 2016-cı ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
Adrien Rabyonun qənimətlər muzeyində PSJ ilə qazandığı 6 Fransa Liqa 1 çempionluğu, 4 Fransa Kuboku, 5 Fransa Liqa Kuboku, 4 Fransa Super Kuboku, həmçinin “Yuventus”la İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, İtaliya Super Kuboku var.
Rabyo “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasını qazanıb və Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı Rabyonun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


